Mediasiya haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

1-ci fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses;

1.0.2. tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar;

1.0.3. mediator – peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxs;

1.0.4. mediasiya təşkilatı – bu Qanunun 11.1-ci maddəsində müəyyən edilmiş hüquqi şəxs;

1.0.5. mediasiya iştirakçıları – mediator və tərəflər;

1.0.6. mediasiyada iştirak edən digər şəxslər – mediasiya prosesində iştirak edən vəkillər, nümayəndələr, tərcüməçilər, ekspert və mütəxəssislər, mediasiya təşkilatının əməkdaşları, habelə tərəflərin razılığı ilə mediasiya prosesində iştirak edən digər şəxslər;

1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma;

1.0.8. mediasiya prosesinin tətbiqi barədə müqavilə – mübahisənin (mövcud və ya gələcəkdə yarana biləcək) mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşma;

1.0.9. mediasiyaya dair qeyd-şərt – tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə olan şərt;

1.0.10. mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə – mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi üçün imzalanan yazılı müqavilə;

1.0.11. mübahisə – tərəflər arasında yaranmış (və ya yarana biləcək) bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mübahisə.


Maddə 2. Mediasiya haqqında qanunvericilik


2.1. Mediasiya haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Ələt azad iqtisadi zonasında mediasiya sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.


Maddə 3. Mediasiyanın tətbiq dairəsi


3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir:

3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);[1]

3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr;

3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr;

3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.[2]

3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

3.4. Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır.

3.5. Məhkəmələrin inzibati binalarında onların yerləşdikləri ərazilərə yaxın yerlərdə fəaliyyət göstərən mediatorlar və mediasiya təşkilatları barədə məlumat lövhələri yerləşdirilməlidir. Mediasiya Şurası mediasiya reyestrində dəyişikliklər baş verdikcə həmin məlumat lövhələrindəki informasiyanın müvafiq məhkəmələr tərəfindən daim yenilənməsinin həyata keçirilməsini təmin etməlidir.


Maddə 4. Mediasiyanın məqsəd və prinsipləri


4.1. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

4.2. Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

4.2.1. könüllülük;

4.2.2. tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı;

4.2.3. mediatorların qərəzsizliyi və müstəqilliyi;

4.2.4. mediasiya prosesinə müdaxilənin yolverilməzliyi;

4.2.5. konfidensiallıq.


Maddə 5. Könüllülük


5.1. Mediasiya könüllü (bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər.

5.2. Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında (bu Qanunun 21.1-ci maddəsi nəzərə alınmaqla) həyata keçirilir.

5.3. Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər.


Maddə 6. Tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı


6.1. Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar.

6.2. Tərəflər mediasiyanın məqsədləri naminə əməkdaşlıq etməli və qarşılıqlı şəkildə fəaliyyət göstərməlidirlər.

6.3. Mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır.


Maddə 7. Mediatorların müstəqilliyi, qərəzsizliyi və mediasiya prosesinə müdaxilənin yolverilməzliyi


7.1. Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir.

7.2. Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.


Maddə 8. Konfidensiallıq


8.1. Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir.

8.2. Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur.

8.3. Mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər.

8.4. Bu Qanunun 8.2-ci, 8.3-cü və 8.5-ci maddələri mediasiya zamanı ağır və xüsusilə ağır cinayət hadisələri haqqında əldə olunan məlumatların verilməsi, habelə cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması vəzifəsinin məhkəmə qərarı ilə müəyyən edilməsi hallarına şamil olunmur.

8.5. Mediatorun və mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmasından sonra da mediasiya zamanı əldə olunmuş məlumatların konfidensiallığının qorunması təmin olunmalıdır.

8.6. Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.


Maddə 9. Tərəflərin hüquq və vəzifələri


9.1. Tərəflərin aşağıdakı hüquqları vardır:

9.1.1. bu Qanunun 5-ci və 6.1-ci maddələrində nəzərdə tutulan hüquqlar;

9.1.2. mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək;

9.1.3. mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək;

9.1.4. mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq;

9.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

9.2. Tərəflər qarşılıqlı razılaşma əsasında bu Qanuna uyğun olaraq, mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən edə bilərlər.

9.3. Tərəflərin aşağıdakı vəzifələri vardır:

9.3.1. barışıq sazişinin icrasını təmin etmək;

9.3.2. mediasiya prosesinin konfidensiallığını qorumaq;

9.3.3. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.


2-ci fəsil. Mediatorun fəaliyyəti


Maddə 10. Mediatora dair tələblər


10.1. Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir:

10.1.1. ali təhsilə malik olmalıdır;

10.1.2. 25 yaşı tamam olmalıdır;

10.1.3. ən azı 3 illik iş stajına malik olmalıdır;

10.1.4. mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək bu Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş sertifikatı əldə etməlidir;

10.1.5. bu Qanunun 17.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq müddətin keçməsi gözlənilməlidir.

10.2. Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər:

10.2.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;

10.2.2. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

10.2.3. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.

10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən hallar olmadıqda, bu Qanunun 10.1-ci maddəsində göstərilən tələblərə cavab verən fiziki şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir.

10.4. Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər.


Maddə 11. Mediasiya təşkilatı


11.1. Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.[3]

11.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər.

11.3. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir:

11.3.1. ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır;

11.3.2. mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır;

11.3.3. istifadəsində ən azı iki otaqdan ibarət ofisi olmalıdır;

11.3.4. bu Qanunun 11.8-ci maddəsində nəzərdə tutulmuş hallar olduğu halda, müvafiq müddətin keçməsi gözlənilməlidir.

11.4. Mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququ aşağıdakı hallarda dayandırılır:

11.4.1. mediasiya təşkilatı tərəfindən ərizə təqdim edildikdə (o cümlədən mediasiya təşkilatının hüquqi şəxs kimi fəaliyyəti dayandırıldığı halda);

11.4.2. bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair Mediasiya Şurasının qərarını yerinə yetirmədikdə (pozuntunun aradan qaldırılması üçün zəruri olan müddət nəzərə alınmaqla 1 aydan 6 ayadək müddətə).

11.5. Mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən aşağıdakı hallarda çıxarılır:

11.5.1. mediasiya təşkilatı tərəfindən müvafiq ərizə təqdim edildikdə;

11.5.2. mediasiya təşkilatı ləğv edildikdə;

11.5.3. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılması ilə bağlı məhkəmənin müvafiq qərarı olduqda;

11.5.4. Mediasiya Şurasının üzvlüyünə daxil olmaq məqsədilə təqdim etdiyi sənədlərdə və məlumatlarda sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;

11.5.5. mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırıldığı müddətin bitməsinə ən azı 1 iş günü qalmış bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasının nəticəsi barədə Mediasiya Şurasına yazılı məlumat vermədikdə;

11.5.6. üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.

11.6. Mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması Mediasiya Şurasının qərarı (bu Qanunun 11.5.5-ci və 11.5.6-cı maddələrinə əsasən çıxarılması isə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) ilə həyata keçirilir və belə qərarlar qüvvəyə mindiyi tarixdən həmin mediasiya təşkilatı barəsində mediasiya reyestrində müvafiq qeydlər aparılır.

11.7. Mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına əsas olmuş bu Qanunun 11.4.2-ci maddəsində göstərilmiş hallar aradan qalxdıqda mediasiya təşkilatının bu Qanunun 11.5.5-ci maddəsində müəyyən edilmiş müddət ərzində etdiyi yazılı müraciət əsasında Mediasiya Şurası tərəfindən onun fəaliyyətinin bərpa olunması haqqında 5 gün müddətində qərar qəbul olunur.

11.8. Mediasiya Şurasının üzvlüyündən bu Qanunun 11.5.4-cü və 11.5.6-cı maddələrinə əsasən çıxarılmış hüquqi şəxs və ya həmin hüquqi şəxsin təsisçisinin təsis etdiyi digər hüquqi şəxs bu qərar qüvvəyə mindiyi tarixdən 1 il keçdikdən sonra Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün bu Qanunla müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət edə bilər.


Maddə 12. Mediatorun hüquq və vəzifələri


12.1. Mediatorun aşağıdakı hüquqları vardır:

12.1.1. öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyətini həyata keçirmək;

12.1.2. tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq;

12.1.3. mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək;

12.1.4. konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq;

12.1.5. nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq;

12.1.6. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

12.2. Mediatorun aşağıdakı vəzifələri vardır:

12.2.1. bu Qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək;

12.2.2. iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;

12.2.3. mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;

12.2.4. mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;

12.2.5. mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq;

12.2.6. bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulmuş qaydalara əməl etmək;

12.2.7. Mediasiya Şurası tərəfindən bu Qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək;

12.2.8. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

12.3. Mediator tərəflərə hüquqi və ya digər xidmət göstərə və ya mediasiya predmeti olan mübahisə üzrə məhkəmə və ya arbitraj (münsiflər məhkəməsi) prosesində tərəflərdən hər hansı birini təmsil edə və arbitr (münsif) qismində çıxış edə bilməz.


Maddə 13. Mediatora etiraz


13.1. Mediasiya zamanı tərəflər qarşılıqlı razılıq əsasında mediatoru başqa mediator ilə əvəz etmək hüququna malikdirlər.

13.2. Mediator bu Qanunla müəyyən olunan mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə dərhal özü-özünə etiraz etməlidir.

13.3. Mediator mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəcəyi qənaətinə gələrsə, mediasiyanı aparmaqdan imtina edə və ya tərəflərin yazılı razılığı ilə mediasiyanın prosesinə xitam verə bilər.


Maddə 14. Mediatorların ilkin hazırlığı və ixtisasının artırılması


14.1. Mediator olmaq istəyən şəxslərin ilkin hazırlığı, həmçinin mediatorların ixtisasının artırılması mediasiya təlimi qurumunda həyata keçirilir.

14.2. Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə, həmçinin ixtisasartırma kursunu bitirmiş mediatorlara mediasiya təlimi qurumu tərəfindən müvafiq sertifikat verilir.

14.3. Mediasiya təlimi qurumunda təlim mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına uyğun olaraq həyata keçirilir.

14.4. Mediasiya təlimi qurumuna bu Qanunun 11.2-ci və 11.4–11.8-ci maddələrin tələbləri şamil olunur. Bu Qanunun 14.5-ci maddəsinin tələblərinə cavab verdiyi halda mediasiya təlimi qurumu qismində mediasiya təşkilatı da çıxış edə bilər.

14.5. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təlimi sahəsində fəaliyyət göstərmək hüququ əldə edir. Mediasiya Şurasının üzvlüyünə mediasiya təlimi qurumu qismində qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir:

14.5.1. aşağıdakı göstərilən şəxslər kateqoriyasından ən azı ikisi ilə əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqaviləsi olmalıdır:

14.5.1.1. son 2 il ərzində ən azı 10 mediasiya işi aparmış ən azı 1 mediatorla;

14.5.1.2. son 6 ildə mediasiya üzrə (o cümlədən, mübahisələrin alternativ həlli fənninin tərkib hissəsi olaraq) azı 2 il pedaqoji staja malik və ya son 3 il ərzində beynəlxalq layihələr çərçivəsində ən azı 2 mediasiya təlimi aparmış 1 təlimçi ilə;

14.5.1.3. beynəlxalq mediasiya qurumlarının mediasiya sahəsində təşkil etdiyi mediasiya təlimçilərinin təlimindən keçməsi barədə müvafiq sertifikatı olan ən azı 1 təlimçi ilə;

14.5.2. ilkin hazırlıq və ixtisasartırma mediasiya dərsləri üzrə təfsilatlı proqrama malik olmalıdır;

14.5.3. bu Qanunun 11.8-ci maddəsində nəzərdə tutulmuş hallar olduğu halda, müvafiq müddətin keçməsi gözlənilməlidir.

14.6. Xarici ölkələrdə bu Qanunun 14.5.1.1‒14.5.1.3-cü maddələrinə uyğun olaraq əldə edilmiş iş təcrübəsinin və ya sertifikatların tanınması məsələsi mediasiya reyestrinin aparılması qaydası ilə tənzimlənir.


Maddə 15. Mediasiya reyestri


15.1. Mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının siyahısının müəyyən edilməsi məqsədi ilə Mediasiya Şurası tərəfindən mediasiya reyestri aparılır.

15.2. Mediasiya təşkilatları, mediatorlar və mediasiya təlimi qurumları mediasiya reyestrində onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər barədə 30 gün müddətində Mediasiya Şurasına məlumat verməlidirlər.

15.3. Mediasiya təşkilatları, mediatorlar və mediasiya təlimi qurumları haqqında məlumatların mediasiya reyestrinə daxil edilməsi, həmin məlumatlarda dəyişikliklər edilməsi, həmçinin bu Qanunun 14.6-cı maddəsində nəzərdə tutulmuş məsələləri özündə əks etdirən mediasiya reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15.4. Mediasiya reyestri açıqdır və Mediasiya Şurasının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.


Maddə 16. Mediatorun intizam məsuliyyəti


16.1. Mediator bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır. Mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edilir və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılır.

16.2. Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora qarşı aşağıdakı intizam məsuliyyəti tədbirləri tətbiq edilir:

16.2.1. xəbərdarlıq;

16.2.2. töhmət;

16.2.3. 1 aydan 6 ayadək müddətə mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması.

16.3. Mediatora qarşı intizam tədbirləri Mediasiya Şurasının qərarı ilə tətbiq edilir. Mediatora qarşı intizam tədbirləri pozuntunun baş verdiyi tarixdən 1 il müddətində tətbiq edilir. İntizam icraatının həyata keçirilməsi qaydası Mediasiya Şurası tərəfindən müəyyən olunur.

16.4. Mediator tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll olunmamasına və ya barışıq sazişinin icra edilməməsinə görə məsuliyyət daşımır.

16.5. İntizam məsuliyyəti mediatoru bu Qanunla müəyyən olunan vəzifələri pozması nəticəsində vurduğu zərərə görə mülki, inzibati və cinayət məsuliyyətindən, həmçinin işlədiyi mediasiya təşkilatı tərəfindən tətbiq edilən intizam məsuliyyətindən azad etmir.


Maddə 17. Mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya mediatorun Mediasiya Şurasının üzvlüyündən çıxarılması


17.1. Mediator fəaliyyətini həyata keçirmək hüququ aşağıdakı hallarda dayandırılır:

17.1.1. öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;

17.1.2. bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair Mediasiya Şurasının qərarını yerinə yetirmədikdə (pozuntunun aradan qaldırılması üçün zəruri olan müddət nəzərə alınmaqla 1 aydan 6 ayadək müddətə);

17.1.3. bu Qanunun 16.2.3-cü maddəsində nəzərdə tutulmuş halda.

17.2. Mediator Mediasiya Şurasının üzvlüyündən aşağıdakı hallarda çıxarılır:

17.2.1. öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;

17.2.2. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

17.2.3. qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunması məhkəmə tərəfindən müəyyən edildikdə;

17.2.4. vəfat etdikdə;

17.2.5. məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

17.2.6. bu Qanunun 12.2.2-ci maddəsinə uyğun olaraq ixtisasartırma kursunu müvafiq qaydada keçmədikdə;

17.2.7. bir il ərzində bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulan intizam məsuliyyəti tədbirləri azı 3 dəfə tətbiq edildikdə;

17.2.8. Mediasiya Şurasının üzvlüyünə daxil olmaq məqsədi ilə təqdim etdiyi sənədlərdə və məlumatlarda sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;

17.2.9. mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırıldığı müddətin bitməsinə ən azı 1 iş günü qalmış bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasının nəticəsi barədə Mediasiya Şurasına yazılı məlumat vermədikdə;

17.2.10. üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.

17.3. Mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılma Mediasiya Şurasının qərarı (bu Qanunun 17.2.7-ci, 17.2.9-cu və 17.2.10-cu maddələrinə əsasən çıxarılma isə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) ilə həyata keçirilir və belə qərarlar qüvvəyə mindiyi tarixdən həmin mediator barəsində mediasiya reyestrində müvafiq qeydlər aparılır.

17.4. Mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına əsas olmuş bu Qanunun 17.1.2-ci maddəsində göstərilmiş hallar aradan qalxdıqda mediatorun bu Qanunun 17.2.9-cu maddəsində müəyyən edilmiş müddət ərzində etdiyi yazılı müraciət əsasında, həmçinin bu Qanunun 16.2.3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdə Mediasiya Şurası tərəfindən mediatorun fəaliyyətinin bərpa olunması haqqında 5 gün müddətində qərar qəbul olunur.

17.5. Mediasiya Şurasının üzvlüyündən bu Qanunun 17.2.2-ci, 17.2.7-ci, 17.2.8-ci və 17.2.10-cu maddələrinə əsasən çıxarılmış fiziki şəxs bu qərar qüvvəyə mindiyi tarixdən 1 il keçdikdən sonra (bu Qanunun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmçinin məhkumluğun ödənilməsi və ya götürülməsi şərti ilə) Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün bu Qanunla müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət edə bilər.


3-cü fəsil. Mediasiya Şurasının fəaliyyəti


Maddə 18. Mediasiya Şurası


18.1. Mediasiya Şurası bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi məqsədilə, mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

18.2. Mediasiya Şurası bu Qanuna, digər normativ hüquqi aktlara və nizamnaməsinə uyğun olaraq təşkil olunur və fəaliyyət göstərir.


Maddə 19. Mediasiya Şurasının əmlakı


19.1. Mediasiya Şurasının mülkiyyətində (istifadəsində) qanunla qadağan olunmayan növlərdə əmlak ola bilər.

19.2. Mediasiya Şurasının əmlakı üzvlük haqlarından, qrantlardan, ianələrdən və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

19.3. Mediasiya Şurasının üzvləri üçün üzvlük haqqının məbləği, bu məbləğin ödənilməsi müddəti və qaydaları Şuranın nizamnaməsi ilə müəyyən olunur.


Maddə 20. Mediasiya Şurasının funksiyaları


20.1. Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir:

20.1.1. mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir;

20.1.2. mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir;

20.1.3. mediator fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür;

20.1.4. mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır;

20.1.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır;

20.1.6. mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir;

20.1.7. mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir;

20.1.8. üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür;

20.1.9. mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir;

20.1.10. mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır;

20.1.11. mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir;

20.1.12. mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir;

20.1.13. mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, bu Qanunun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır;

20.1.14. intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir;

20.1.15. mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır;

20.1.16. bu Qanunla və nizamnaməsi ilə müəyyən olunmuş digər funksiyaları həyata keçirir.

20.2. Mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu Mediasiya Şurasının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət verə bilərlər.


4-cü fəsil. Mediasiya prosesi


Maddə 21. Mediasiya prosesinin tətbiqi üçün əsaslar


21.1. Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.

21.2. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” tərəflər arasında yaranmış mübahisənin məhkəməyə verilməsinə qədər və ya məhkəmədə işə baxılan zaman tətbiq edilə bilər.

21.3. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlanması təşəbbüsü ilə tərəflər və ya onlardan biri çıxış edə bilər. Məhkəmələr də tərəflərə aralarında yaranmış mübahisənin mediasiya yolu ilə həllinə dair təkliflər verirlər. Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda isə müvafiq orqanlar (qurumlar) tərəflərə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək vəzifələrini izah edirlər.

21.4. Bu Qanunla müəyyən edilmiş qaydada “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlanması məhkəmədə tərəflər arasında baxılan mülki, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə icraatın dayandırılmasına səbəb olur.[4]

21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

21.7. Bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir.

21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır:

21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə;

21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə;

21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə;

21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə.

21.10. Tərəfin mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada üzrsüz səbəbdən iştirak etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.[5]


Maddə 22. Mediasiya prosesinin tətbiqi barədə müqavilə


22.1. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” yazılı şəkildə bağlanır və həmin müqavilədə aşağıdakılar göstərilir:

22.1.1. müqavilənin tarixi, vaxtı və tərtib olunduğu yer;

22.1.2. tərəflərin adları və rekvizitləri;

22.1.3. mübahisənin predmeti;

22.1.4. tərəflərin seçdiyi mediator (mediatorlar) və ya mediasiya təşkilatı haqqında məlumatlar;

22.1.5. mediasiya prosesi ilə əlaqədar xərclərin ödənilməsi şərtləri və qaydası;

22.1.6. əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət;

22.1.7. mediasiya prosesinin keçirilmə müddəti;

22.1.8. mediasiya prosesinin keçirilmə qaydası;

22.1.9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər.

22.2. Tərəflərin qarşılıqlı razılaşması ilə “mediasiya prosesinin tətbiqi barədə müqavilə”yə əlavə və dəyişikliklər edilə bilər.

22.3. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” təmsilçi vasitəsilə bağlanıla, ona əlavə və dəyişikliklər edilə bilər. Təmsilçiyə verilən etibarnamədə bu Qanunun 22.1-ci və 22.2-ci maddələrində göstərilən səlahiyyətlər xüsusi olaraq göstərilməlidir.


Maddə 23. Mediatorun və ya mediasiya təşkilatının seçilməsi, mediasiyanın keçirilmə yeri və vaxtı


23.1. Mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına da müraciət edə bilərlər.

23.2. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir.

23.3. Mediator və ya mediasiya təşkilatı “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı ana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini ödənişsiz izah etməlidir.

23.4. Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında münasibətlər mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə ilə tənzimlənir. Mediasiya xidmətlərinin göstərilməsinə dair bağlanan müqavilədə mediatorun və ya mediasiya təşkilatının, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, konfidensiallıq, mediasiya xərcləri, bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər şərtlər müəyyən olunur.

23.5. Mediator tərəflərin qarşılıqlı razılığı ilə mediasiya prosesinin keçirilmə yerini və vaxtını müəyyənləşdirir.


Maddə 24. Mediasiya prosesinin həyata keçirilməsi qaydaları


24.1. Mediasiya prosesi bu Qanuna, mediasiya prosesinin həyata keçirilməsi qaydasına və bu qaydaya uyğun olaraq hazırlanmış mediasiya təşkilatının daxili qaydasına (olduğu halda), mediatorların peşəkar etik davranış qaydasına uyğun olaraq həyata keçirilir.

24.2. Mediasiya prosesində mediator bütün tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşlər keçirə, əməkdaşlıq edə, şifahi və yazılı tövsiyələr verə bilər. Bu zaman mediator tərəflərdən birini üstün mövqeyə qoyan və ya hüquq və vəzifələrini məhdudlaşdıran hərəkətlərə yol verməməlidir.

24.3. Bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla, tərəflər mediasiya prosesinin istənilən anında mediasiyadan imtina edə bilərlər.

24.4. Tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər.

24.5. Mediasiya prosesində tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər. Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gəlirlər.

24.6. Mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir.

24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.


Maddə 25. Mülki işlər və kommersiya mübahisələri üzrə mediasiyanın xüsusiyyətləri


25.1. Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər.

25.2. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.


Maddə 26. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri


26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:

26.1.1. nikahın davam etdirilməsi şərtləri;

26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;

26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;

26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;

26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr.

26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər.

26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır.

26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər.

26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur.[6]

26.6. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.


Maddə 27. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri


27.1. Əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər:

27.1.1. fərdi əmək mübahisələri;

27.1.2. kollektiv əmək mübahisələri.

27.2. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.


Maddə 28. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak


28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

28.2. Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.

28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir.

28.4. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər.[7]


Maddə 29. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyaları


29.1. Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər.

29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.

29.4. Tərəfin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

29.5. Tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə isə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır və bu Qanunun 24-cü maddəsinə uyğun olaraq mediasiya prosesi həyata keçirilir.

29.6. Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir.

29.7. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir.


Maddə 30. İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri


“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər.


Maddə 31. Məhkəmə mediasiyası


31.1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.[8]

31.2. Tərəflər qarşılıqlı razılıq əsasında mübahisəyə baxacaq mediasiya təşkilatı və ya mediator barədə razılığa gələ bilərlər. Belə razılıq olmadıqda, mübahisəyə həmin məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu maddənin üçüncü cümləsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatında baxılır. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə mediasiyanın aparılması üçün mediator müəyyən edə bilər.

31.3. Mediasiya prosesində iştirak edən, lakin müsbət nəticə əldə etməyən tərəflər və ya onlardan biri mediasiya prosesinin nəticələri barədə protokolu təqdim etməklə növbəti dəfə məhkəməyə müraciət etdikdə dayandırılmış icraat təzələnir və işə məhkəmə tərəfindən baxılır.

31.4. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.

31.5. Hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı mediasiyaya yönəldilən (bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) işlərin sayı və bu Qanuna uyğun olaraq barışıq sazişinin əldə edilməsi əsasında icraata xitam verilən məhkəmə işlərinin sayı nəzərə alınır.[9]


Maddə 32. Mediasiya prosesinə xitam verilməsi


32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir:

32.1.1. tərəflər arasında barışıq sazişi bağlandıqda;

32.1.2. mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə;

32.1.3. tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə;

32.1.4. tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə;

32.1.5. tərəf olan fiziki şəxs öldükdə, hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda;

32.1.6. tərəflərdən biri məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

32.1.7. tərəflərdən birinin fəaliyyət qabiliyyətli olmaması və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;

32.1.8. mediator və ya mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda, həmçinin mediator və ya mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə (bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələr üzrə isə yalnız sonrakı mediasiya sessiyasında imtina etdikdə);

32.1.9. bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda.

32.2. Bu Qanunun 32.1.2–32.1.8-ci maddələrində nəzərdə tutulan halların mediatora məlum olduğu tarixdən 3 gün müddətində mediasiya prosesinə xitam verilməsi haqqında mediator tərəfindən protokol tərtib olunur və imzalanır. Mediasiya prosesinə xitam verilməsi haqqında protokol mediator tərəfindən tərtib olunaraq imzalandığı tarixdən 1 gün müddətində tərəflərə (nümayəndələrinə) təqdim edilməlidir. Protokola mediasiyaya dair konfidensial məlumatların daxil edilməsinə yol verilmir. Protokolun forması Mediasiya Şurası tərəfindən müəyyən olunur.

32.3. Protokolun nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Protokolun müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.

32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir:

32.4.1. barışıq sazişinin imzalandığı gündən;

32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

32.5. Mediasiya prosesi bu Qanunun 21-ci maddəsinə uyğun olaraq bərpa oluna bilər.


Maddə 33. Barışıq sazişi


33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir:

33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer;

33.1.2. tərəflər haqqında məlumat;

33.1.3. mübahisənin predmeti;

33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar;

33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri;

33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri;

33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər.

33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.[10]

33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.


Maddə 34. Barışıq sazişinin icrası


34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.[11]

34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.


Maddə 35. İddia müddətlərinin axımının dayandırılması


35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.


Maddə 36. Mediasiya xərcləri


36.1. Mediasiya prosesinə dair xərclərə daxildir:

36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat;

36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri.

36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

36.4. Mediatora və ya mediasiya təşkilatına ödənilən haqqın məbləği mediasiya sessiyası başlanana qədər (bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulan hallarda isə bu Qanunun 29.5-ci maddəsi nəzərə alınmaqla sonrakı mediasiya sessiyası başlanana qədər) tərəflərlə mediator və ya mediasiya təşkilatı arasında bu Qanunun 23.4-cü maddəsinə uyğun olaraq bağlanan müqavilədə müəyyən olunur.

36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

36.6. Mediator onun qərəzsizliyinə mane olan şərtlər səbəbindən mediasiyanın keçirilməsindən imtina edərsə, tərəflərin ödədiyi məbləği (faktiki çəkilmiş xərclər çıxılmaqla) geri qaytarmalıdır.

36.7. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

36.8. Barışıq sazişi imzalandıqdan sonra mediator tərəflərə çəkilmiş xərclər barədə hesabat verir və xərclənməmiş qalıq məbləği onlara qaytarır.


5-ci fəsil. Yekun müddəalar


Maddə 37. Bu Qanunun pozulmasına görə məsuliyyət


Bu Qanunun tələblərinin pozulmasına görə mediator, mediasiya təşkilatı, tərəflər və mediasiyada iştirak edən digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.


Maddə 38. Keçid müddəa


İlk mediasiya təlimi qurumu Mediasiya Şurasının üzvlüyünə qəbul edilənədək bu Qanunun 10.1.1–10.1.3-cü və 10.2-ci maddələrinin tələblərinə cavab verən mediator, həmçinin bu Qanunun 11.2-ci və 11.3.1–11.3.3-cü maddələrinin tələblərinə cavab verən mediasiya təşkilatı bu Qanuna uyğun olaraq mediasiya xidmətlərini göstərə bilər.


Maddə 39. Bu Qanunun qüvvəyə minməsi 


Bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 


Bakı şəhəri, 29 mart 2019-cu il
№ 1555-VQ