Mən, Dadaşova Vüsalə Valeh qızı, 1970-ci il 27 oktyabrda Bakı şəhərində anadan olmuşam.
1977-1983-cü illərdə Bakı şəhəri 52 saylı, 1984-1987-ci illərdə Bakı şəhəri 159 saylı tam orta ümumtəhsil məktəbində təhsil almış və sonuncunu tam əla qiymətlərlə bitirmişəm.
1987-1992-ci illərdə indiki Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alaraq, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişəm və fizikşünas, fizika müəllimi ixtisaslarına yiyələnmişəm.
1992-1997-ci illər ərzində gənc mütəxəssis kimi təyinatla Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta ümumtəhsil məktəbində fizika müəllimi vəzifəsində işləmişəm. Həmçinin, paralel olaraq bu illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində dissertant olaraq elmi fəaliyyətə başlamışam.
1997-ci ildə Bakı Dövlət Universitetinin “Yarımkeçiricilər fizikası” kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşam. Eyni zamanda BDU-nun Fizika fakültəsinin “Ümumi fizika” kafedrasında saat hesabı müəllim kimi pedaqoji tədris fəaliyyətinə başlamışam. 2006-cı ildən “Ümumi fizika” kafedrasına müəllim vəzifəsinə təyin olunmuşam. 2008-ci ildə AMEA-nın müxbir üzvü, prof. Aydın Həsən oğlu Kazımzadənin rəhbərliyi altında “GaSxSe1-x bərk məhlul kristallarının elektrik və fotoelektrik xassələri və onlar əsasında funksional elementlər” mövzusunda dissertasiya müdafiəsini həyata keçirərək, fizika-riyaziyyat elmləri namizədi - alimlik dərəcəsi almışam. 2012-ci ildə “Ümumi fizika” kafedrasında dosent əvəzi vəzifəsinə təyin olunmuşam. Hazırda “Ümumi fizika və fizikanın tədrisi metodikası” adlanan həmin kafedrada bu vəzifədə çalışıram.
05.10.2022-ci il tarixindən 28.10.2022-ci il tarixinədək Ədliyyə Akademiyasında keçirilmiş “Mediatorların ilkin hazırlıq kursu”nda iştirak etmişəm, 02 noyabr 2022-ci il tarixində Ədliyyə Akademiyasında həmin kursu müvəffəqiyyətlə başa vurmağımla bağlı imtahan verərək sertifikat qazanmışam və Mediasiya Şurasına üzv qəbul olunmuşam. Daha sonra 2023-cü ilin yanvar ayında Ədliyyə Akademiyasında "Ailə münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursu", və "Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursu"nu başa vuraraq, hər iki kurs üzrə müvəffəqiyyətlə imtahan vermişəm və uyğun istiqamətlərdə sertifikatları qazanmışam.